Daha bir əlamətdar gün — 24 fevral

Bismillahir rəhmanir rəhim

Bu əlamətdarlıq süni təsis edilmiş bayrmla deyil, məxsusi bayramla — Allahın anaya bəxş etdiyi əvəzsiz bayramla əlaqədardır. Bu gün oğlumun doğum günüdür. Körpəlikdən onu əzizlədiyim sözləri söyləyəcəm burda. Axı, övlad ana üçün hər yaşda uşaqdır.

Gözümün nuru,

Başımın tacı,

Dərdim əlacı,

Qolumun qüvvəti,

Dizimin taqəti,

Canım-gözüm,

Hər bir sözüm,

Oğul nəvə,

Köşək dəvə.

Bir də, bəzi nəsihətlər vermək istəyirəm indi. Bilirəm, oğlum məni qınayacaq, deyəcək ki, yenə nəsihət? Odur ki, Luqmanın öz oğluna nəsihət verməsini xatırladıram.

Rəvayətə görə, Luqman öz oğluna nəsihət verməyə başlarkən yanına bir xardal torbası qoyur, hər nəsihət verdikcə torbadan bir xardal dənəsi çıxarır. O qədər nəsihət edir ki, nəhayət, xardallar tükənir.

Bu zaman o, oğluna deyir: «Ey oğlum, sənə o qədər nəsihət etdim ki, əgər bu nəsihətlər bir dağa verilsəydi, dağ yarılar, parça-parça olardı». Qoy oğlum da məni qınamasın.

Adətən, oğullara atalar nəsihət edər. Amma indi «çərxi-fələk tərsinə dövran edir» və ataların başları özəl işlərinə elə qarışır ki, bu iş də biz anaların öhdəsinə düşür — əksər hallarda.

Hər bir müsəlmanın öz övladına verə biləcəyi nəsihətlər olduğu üçün elə Luqmanın öz oğluna nəsihətlərini də yazmaq istəyirəm burda.

Ay oğlum, rəva bilmə ki, xoruz səndən ağıllı və fərasətli olsun, namazı səndən artıq mühafizə etsin.

Məgər görməyirsən ki, hər namaz vaxtı gələndə səsləyib namaza çağırır, səhərin açılmasını öz səsilə

elan edir?

 

Oğlum, hər kəs öz dilinə malik olmasa, peşman olar, hər kəs çox şübhələnsə, danlanar, söyülər, hər

kəs pis yollara düşsə, ittiham olunar, hər kəs pis adamlarla yoldaş olsa, salamat qalmaz, hər kəs

alimlərlə həmnişin olsa, müvəffəqiyyət qazanar.

Oğlum, öz sərvətini qəlbində saxla, kasıblaşanda isə öz kasıblığını xalqa danışma ki, onların nəzərində yüngül olmayasan. Lakin, Allahın fəzlindən sual et.

Oğlum, kim desə ki, şərri şərr ilə kəsmək olar, yalan deyir, məgər görmürsən ki, odu odla yox, su ilə söndürmək olur?

Oğlum, müsibətlərə düşənlərə şəmatət edib sevinmə, mübtəla olmuş kəslərə sərzəniş etmə, məruf

işlərə mane olma. Bütün bunlar sənin üçün dünya və axirətdə zəxirə ola bilər.

Oğlum, sən ana qarnından çıxan vaxrdan arxanı dünyaya, üzünü axirətə çevirmisən, sən hər gün öz arxanı çevirdiyin tərəfə nisbətən üzünü çevirdiyin tərəfə daha yaxın olursan. Odur ki, üzünü çevirdiyin

tərəf üçün tədarükü artır. Sənə tapşırıram ki, Allahdan qorx, bu, ən mənfəətli ticarətdir. Haçan günah söz danışsan, peşman ol, istiğfar elə və bir də belə iş etməmək əzmində ol. Ölümü həmişə göz

qabağında gör və özünü Xaliq qarşısında bil. Bil ki, etdiyin əməllərə bədən üzvlərin şəhadət verəcək, sənə təhkim edilmiş mələklərdən və səni müşahidə edən Pərvərdigardan utan.

Sənə tapşırıram mövizəni! O, aqil kəslərin yanında baldan şirindir, lakin səfeh kəslərin yanında qoca kişinin dağa qalxmasından da çətindir.

Oyun və əyləncələrə qulaq asma ki, onlar sənə axirəti unutdurar.

Oğlum! Bil ki, qiyamət günündə Allahın hüzurunda səndən dörd məsələ barəsində soruşulacaq:

Cavanlığını hansı yolda keçirmisən; ömrünü nəyə sərf etmisən; mal-dövlətini haradan qazanmısan və nəyə xərcləmisən? Həmin gün suallara cavab vermək üçün indidən hazırlaş!

Oğlum, heç kəsin zülmündən fərəhlənmə, zalimin zülmündən qəmgin ol.

Oğlum, zülm zülmətdir, Qiyamət günündə isə həsrətdir, qüdrətli kəslər səni zülmə vadar etsələr, Allahın qüdrətini özünə köməyə çağır.

Oğlum, bilmədiyin şeyi alimlərdən öyrən, bildiyin şeyi isə xalqa öyrət. Onda sən də mələkut aləmində zikr olunarsan.

Oğlum, öz əlində olana qane olan kəs – xalqın ən varlı adamı, gözü xalqın əlində olan kəs isə xalqınən kasıbıdır.

Oğlum, sənə tapşırıram ki, xalqın əlində olan şeylərdən məyus ol, onlara ümid etmə, Allahın sənə vacib etdiyi şeylərdən möhkəm yapış, sənə zəmanət verənlərə səy etmə.

Hər bir işdə Allaha təvəkkül et ki, O, sənə kifayət edər.

Oğlum, özünə xoş olan şeyi xalqa da xoşla, özünə xoş olmayanı onlara da xoşlama.

Bilmədiyin şeyi demə.

Cəhd elə ki, bu gün sənə dünəndən yaxşı olsun, sabah isə bu gündən yaxşı olsun, çünki hər kəsi iki günü bərabər olsa, o kəs ziyan çəkmişdir.

Hər kəsin bu günü dünəndən pisdirsə, o kəs məlundur.

Allah-təala sənə nə qismət edibsə, ona razı ol.

***

Əlhəmdulillah! Həmd olsun Allaha! Bu gün yenə atıq öz oğulu-noğulu olan, buna baxmayaraq, nəzərimdə həmişə körpə olan oğlumun-noğulumun ad günüdür.

Oğlum, bu təbrikim sən özün oğluna bu nəsihətləri verəcəyin günə qədər gündəmdə qalacaq, aktual olacaq. Əksinə, müasir həyatla bağlı bəzi əlavələrim olacaq.

Oğlum! Dünyamız insanı ÖZ dünyasından ayıran, beləliklə, dayazlaşdıran, ucuzlaşdıran cəhətlərlə doludur. Onlara uyma! Onların çoxu insanı qəflətdə saxlamaq, beləlikə, kölə edərək azadlığını əlindən almaq üçün düşünülüb. Çünki Azad İnsanı idarə etmək, ona ağalıq etmək çətindir — mümkünsüzdür.

Oğlum! Allah bizi Azad və sərbəst yaradıb. Öz azadlığını kimlərinsə mənfəət — qazanc, yaxud ağalıq iddialarına qurban vermə!

Oğlum! Öz uşaqlıq arzularından əl çəkmə, onların dalınca get — bacardığın qədər. Çünki, saf uşaq qəlbi daha azad, daha sərbəst olur və insana nə lazım olduğunu bilr.

Bu gününə dəyər vermək üçün yeniyetmə dövründən üzü bəri bax. Gör o oğlan bu adam olmaq istərdimi?

Oğlum! Həmişə imanının kamilləşməsi yolunda çalış, biliyini artır. Çünki həyat irəli gedir, yerində dayanmaq — geri getmək deməkdir.

Sənə Allah-təaladan dünya və axirət nemətlərini bol etməsini arzulayıram, səni axirət üçün çalışanlardan qərar verməsini diləyirəm.

Y.G. (Yeri Gəlmişkən) Luqmanın  adı peyğəmbərlərin adları cərgəsində gedir, lakin onun peyğəmbər olmasında ixtilaflar var. Təfsirçilərin yazdığına görə, o, peyğəmbər dərəcəsinə çatmış bir şəxs olub. Allah-təala ona peyğəmbərlik təklif edib, həm də bu təklifi qəbul etmək könüllü olub. Loğman bu işin nə qədər məsuliyyətli və ağır olduğunu bildiyi üçün onu qəbul etməyib. Luqmana həm də Həkim, yəni hikmət sahibi də deyirlər. O, özünə munis tapmadığı üçün evdə oturub, təkcə öz oğlu ilə həmsöhbət olarmış, ona öz bildiyi elmləri təlim edərmiş. Onun oğluna etdiyi məşhur nəsihətlər hər bir insan üçün örnək ola bilər.

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *