Adın qadınsa…

TV kanallarının birində bu adda veriliş var idi. Adı, şəxsən mənim üçün, çox şey vəd edirdi. Amma dəb, makiyaj və bu kimi mövzular oldu əhatə dairəsi.

Məhz bu mövzular qadın dünyasının «atributları» sayılır nədənsə. «Qadın dünyası» adlı dükanlar da təsadüf edir: qab-qacaq, geyim, bər-bəzək (aksesuar) dükanları.

Müxtəlif saytlarda da «Qadın dünyası» səhifəsi mətbəx, dəb və bər-bəzəyi əhatə edir. Ən uzağı, bayağı və dayaz sevgi mövzusu.

Budurmu Qadının dünyası?! Bu qədərmi dardı Qadın dünyası?

Niyə belə dayazlaşdırırıq, kasadlaşdırırıq əslində zəngin və dolğun olan qadın dünyasını? Özü də təkcə ona bu dəyərsiz və mahiyyətsiz mənaları sırımaqla yox, elə gerçəkdə də.

Adın qadınsa…

Adın qadınsa, elə özün də Qadın olmalısan, öz qadın təbətinə — ilahi fitrətinə sadiq qalıb Qadın olmağı bacarmalısan.

Adın Qadınsa, Gözəl olmalısan. Amma hamıya xoş gələcək gözəl bir əşya kimi yox, gizli və məhrəm saxlanan dəyərli cövhər kimi.

Adın Qadınsa, Ağıllı olmalısan. Kişidən böyük qəhrəmanlıqlar gözləmək əvəzinə, irili-xırdalı hər işindən zövq almağı bacarmalısan.

Adın Qadınsa, Müdrik olmalısan, hər şeyin hədiyyə kimi veriləcəyini yox, hər şeyi özün YARATMALI olduğunu anlamalısan.

Adın Qadınsa, Qurucu olmalısan. Hər şeyi: münasibətləri, sevgini, ailəni məhz Qurub, sonra da qorumağı bacarmalısan.

Adın Qadınsa, Güclü olmalısan. Amma fiziki cəhətdən yox, öz mənəvi gücünlə dözüm, səbr və  bağışlama yolunu tutmalısan.

Adın Qadınsa, Ləyaqətli olmalısan. Feminist, freydist ideyaların tüğyan etdiyi zəmanəmizdə belə, namusunu, iffətini qorumağı bacarmalısan.

Adın Qadınsa, Qürurlu olmalısan. Tək bircə Kişiyə məxsus olduğunu anlayaraq, təkcə həyatında yox, fikrində, düşüncəndə, mənəviyyatında və ruhunda da ona Sadiq qalmalısan.

Adın Qadınsa, İtaətkar olmalısan. «Kişilər qadınların ixtiyar sahibidir», «Qadın ərinə tabe olmalıdır» kimi ifadələri təhqiramiz hesab etməyib, Ərinin qulluğunda durmalısan. Ona qulluq etməkdən qürur duymalısan.

Adın Qadınsa, Savadlı olmalısan. Amma karyera qurmaq, təkmilləşmək üçün yox (bunlar qadın həyatında arxa (bəlkə də, axırıncı) planda olmalıdır), öz övladlarını düzgün tərbiyə etmək, onları öyrətmək üçün.

Adın qadınsa, bu ada layiq olmalısan.

Sevgi mənbəyi olub, sevgi aşılamalısan.

Nur olub ətrafa nur saçmalısan ki, ətrafinda zülmətə — qaranlığa yer qalmasın.

Adın Qadınsa, buna qadir olmalısan…

…Biz bütün həyat boyu öyrənirik: əvvəlcə yeriməyi, sonra danişmağı, sonra yaşamağı… sonra Qadın olmağı. Sinifdə də qalmaq olar (hər mərhələdə), ekstern imtahan da vermək olar — baxır bacarığa…

Hər bir halda, xoşbəxt olmaq üçün, olmalı olduqlarımızı olmalıyıq — sinifdən-sinfə keçməliyik, yoxsa yaşamımızın mənası olmaz.

Burada yazdıqlarım da məhz Qadın olmaq yolunda (sinfində) öyrəndiklərimdir…

Yeri Gəlmişkən. Yazı tamam olandan sonra bir hədiyyə aldım. İndiyə qədər təsadüf etmədiyim bu duanı — onun mənə yetişməsini gözəlliyinə görə hədiyyə hesab edirəm. Bu dua Əli əleyhissalama məxsusdur. Görün o özünə Allahdan necə bir həyat yoldaşı istəmişdi. Bu qısa duada, qadın necə olmalıdır, tam əksini tapıb.

“İlahi! Mənə xeyirxah, mehriban, övlad dünyaya gətirmək qabiliyyəti olan, təşəkkür etməyi bacaran, gözütox və iffətli qadın qismət elə! Belə ki, ona xeyirxahlıq etsəm təşəkkür etsin. Pislik etsəm bağışlasın. Allahı zikr etsəm yardım etsin. Allahı unutsam Onu mənim yadıma salsın. Evdən uzaq qaldığım zaman iffətini qorusun. Evə gəldiyim zaman sevinsin. Göstərişlərimi yerinə yetirib itaət etsin. Ona and verdikdə (ki, bu işi et, ya əncam vermə) qəbul etsin. Qəzəbləndiyim zaman məni sakitləşdirib sevindirsin. Ey sonsuz izzət və cəlal sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı qismət et! Sən mənə bu neməti əta etməsən mən özüm onu ələ gətirə bilməyəcəm.”

Y.Y.G. Və Allah təbərakü-təala ona Həzrəti Fatimeyi-Zəhra əleyhasalam kimi bir zövcə nəsib etdi.

Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *