20 ildən sonra yazıya köçürülən şeir
Bu şeir qizimın 2 yaşı tamam olan gün beynimdə «yazılıb». Adətən olduğu kimi, hansısa duyğuların ardından, düşünmədən, öz-özünə süzülüb. İlk dəfədir yazıya köçürürəm.
Bu gün sənin ad günündür,
Ad günün mübarək, qızım.
Dost sevinən şad günündür,
Şad günün mübarək, qızım.
Düşmən qəlbə ox sancılar
Ad günündə gül balamın.
Dost ürəyi şən, şad olar
Şad günündə gül balamın.
Arzum sənə quru baxtdı,
Diləmirəm qızıl taxtı.
Namərdin at çapan vaxtı
Meydan üstə durma, qızım.
Qiyməti az olsa belə,
Saf qəlbini təmiz elə.
Qoca dünya söylər belə:
Son gün uzaqdadır, qızım.
Sura yanar bir od olub,
Dostla birgə qəm, şad olub,
Nadanlıq ona yad olub,
Nadanlara uyma, qızım.
Bu gün sənin ad günündür,
Ad günün mübarək, qızım.
Dost sevinən şad günündür,
Şad günün mübarək, qızım.
Добавить комментарий