Sevgi 3 il yaşayır

Bəri başdan deyim ki, mütləq sevgi — Allah-təalaya olan sevgidir. İki insan arasında olan və adətən, «sevgi» deyəndə başa düşülən sevgi isə o böyük Sevginin bəlkə də zərrəsidir, ya ona aparan yol, «məşq»dir.

Bir də onu deyim ki, sevgi — əgər varsa — əbədidir. Sevginin ötəri, qısa müddətli olması, bitməsinin labüd olması fikri isə Qərbdən əsib gələn «yel»dir. Çox güman ki dəyərləri dəyərsizləşdirməkdə maraqlı olan Qərbdə belə fikrin gündəmə gətirilməsi də məqsədyönlü xarakter daşıyır.

Bu fikrə əsasən, sevgi yalnızca 3 il mövcud ola bilər. Çünki, sevgidən doğan ruh yüksəkliyi və coşqun hisslər beyində ifraz edilən dofamin hormonu ilə bağlıdır və həmin hormonun sayəsində baş verən kimyəvi çevrilmələrin müddəti üç ildir. Bu çevrilmələr başa çatdiqda beynin fəaliyyəti normallaşır və o öz təbii ritmi ilə işləməyə davam edir.

Bu mövzuda roman yazılmış və onun əsasında film də çəkilmışdir. Əsərdə iki insanın bir-birinə emosional bağlılığının, ehtirasın üç il müddətində keçib getdiyi qəhrəmanın simasında sübut edilməyə cəhd edilir.

Hisslərin — emosiyaların beynin fəaliyyəti ilə, daha dəqiq desək, hormonlarla bağlı olması fikri doğrudur. Amma bu dəlilin sevgiyə dəxli yoxdur, əslində sevginin təkanvericisi kimi zəruri olan ehtirasa — vurğunluğa aiddir.

Hər şeyin yalnız səthini görən və yalnız şəxsi həzz və ləzzətə dəyər verən Qərbdə bu hisslərin sevgi kimi dəyərləndirilməsi, əlbəttə, təəcüblü deyil. İki insan arasında qarşılıqlı münasibətin yaranması bu cür hisslərdən başlasa da, hələ sevgi deyil. Heç sevginin başlanğıcı da deyil. Yalnızca münasibətlərin başlanğıcıdır.

Sevgi — iki gəncin bir-birinə olan ehtiraslı bağlılığı deyil, iki insanın illərcə, uzun yol boyu bir-birinə doğru getməsidir. Zahirən, bəlkə də, darıxdırıcı, quru, hətta təsəvvürümüzdəki sevgi anlayışına sığmayan, əksinə, paradoksal görünən, amma mahiyyətcə həqiqi sevgi olan budur.

Deyirlər, iki insan arasında davamlı və yetkin ünsiyyət 7 mərhələdən keçir və vurğunluq, coşqun hisslər bu münasibətlərin birinci mərhələsidir. İlkin eyforiya dövründən sonra  doyma — adiləşmə,  bu adiləşmə ilə bağlı ikrah, münasibətləri qoruma naminə bu ikraha qarşı dözüm, daha sonra vəzifə borcunu anlayaraq hörmət, bu hörmətin sayəsində əldə edilmiş dostluq və yalnız bundan sonra gələn Sevgi mərhələləri yaşanır.

İlkin sevgi hissləri və onunla bağlı olan ruh yüksəkliyi İlahi Sevgiyə qovuşmaq üçün verilmiş bir hədiyyədir. Onu olduğu kimi dəyərləndirməyib, bu hissləri sevginin özü hesab etmək, insanı daim yeni yaşantılar, yeni münasibətlər axtarışında olmağa sövq edər və insan, konfetin dadi xoşuna gəldiyindən, fasiləsiz olaraq konfet tələb edən uşağa bənzəyər.

Yeni hisslər, yeni ruh yüksəkliyi axtarışı ilə «Odnoklassniki»-də ömrünü keçirən ağsaqqal Azərbaycan kişilərimiz buna parlaq misaldır. Halbuki, bu yaşda onlar münasibətlərin bütün mərhələlərini yaşayaraq, artıq ilahi sevgiyə qovuşmalı, ya ona yaxın olmalı idilər.

Bu mərhələlərdən hər birini yaşadıqca insan bir qədər də kamilləşir, yetkinləşir və növbəti mərhələyə yalnız bundan sonra qədəm qoyur. Əks halda, duruduğu mövqedə yerində saymalı olur və bu, onun bir şəxsiyyət kimi formalaşmasına, bir insan kimi kamilləşməsinə əngəl olur.

İki insan uzun illər birlikdə ola bilər, məsələn, ailə qurub bir yerdə ömür başa vura bilər, amma yaşamalı olduqları mərhələləri keçməyə bilər. Məsələn, ömrü boyu ikrah (dava-dalaş), yaxud dözüm mərhələsində qala bilər. Yaxud, kişi və qadın başqa-başqa mərhələlərdə ola bilərş

Bu günkü cəmiyyətdə orta statistik kişi uzun illər, bəzən ömrü boyu elə birinci mərhələdə qalır, «konfet» axtarışında olur. Bu halda qadınlar ya ikrah, ya dözüm mərhələsində yaşamalı olurlar. Bu, təkcə onların münasibətlərinin göstəricisi deyil, həm də hər birinin şəxsi təkamülünün, şüurunun göstəricisidir.

İdealda həm kişi, həm qadın eyni mərhələdə olub, bir-birinə dayaq olub mərhələdən — mərhələyə birlikdə keçməli, son nəticədə ilahi sevgiyə qovuşmalıdır.

Özünü qəhrəman hesab edən, ailəsini «bəyənməyib», «assorti» axtarışında olan kişi (ya qadın) bilməlidir ki, əslində, o, şüur cəhətdən geridə qalıb, yeniyetmə səviyyəsindən ötüb keçə bilməyib.

Münasibətlər əgər hörmət mərhələsinə çatmamışsa, hələ sevgidən söhbət gedə bilməz. Başlanğıcda nə qədər ehtiraslı münasibət olmuş olsa belə. Məhz hörmət, sevginin başlanğıcıdır. Əgər bu qarşılıqlı hörmət varsa, cütlük dostluq kimi dəyərli münasibətlə mükafatlandırılır.

Yalnız bundan sonra, «bir-birinə tən, tən olmasa, gen gəldikdən» sonra, nəyinsə (hətta hislərin) tələbində olmayıb, özü o biri üçün hər şeyə hazır olduqdan, həyatın sınaqlarına sinə gərib bir-birinə sadiq qaldıqdan sonra Sevgiyə qovuşa bilər insan.

Həyat — Sevgidir. Yalnız Sevgiyə doğru gedərək kamilləşır, insanlaşır insan. Həqiqi ləzzətin, həzzin dadını yalnız İlahi Sevgiyə qovuşaraq tapa bilər insan.

Ailə — bəlkə də, ən böyük sınaqdır insan üçün. Ailədə, bir-birinə münasibətdədir insanın əsl kamillik yolu. Bu münasibətlərdən doğan çətinliklərə sinə gərə-gərə, mütilik, bağışlama, səbr və dözüm sayəsində kamillik əldə etməlidir insan. Tərki dünyalıqla yox.

Özü inkişaf etməklə yanaşı, üçüncü, ikinci, lap birinci mərhələdə (oxu: «Odnoklassniki»-də) «ilişib qalmış» o birini də çəkib bataqlıqdan çıxarmağa cəhd etməklə. Bəlkə də, buna heç nail olmayacaqsan. Amma, ən azından, mahnıda deyildiyi kimi, «Odur ki vəfasız deyildir adım» deyə biləcəksən.

Təkcə adin, yox, mahiyyətin də «vəfasız» olmayacaq, öz ilahi təyinatını yerinə yetirmiş olacaqsan.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *