Xoşbəxt olmaq istəyən qadınlara tövsiyələr

Bir qadın Müdrikə öz taleyindən şikayətlənir. Müdrik:

— Öz taleyinə sən özün cavabdehsən  —- deyir.

— Məgər mən qadın doğulduğuma cavabdehəm?

— Qadın olmaq — sənin taleyin deyil, qədərindir. Taleyin isə bu təyinat üzrə necə yaşamağından asılıdıir.

Qadın olmaq — qadın fitrətinə. Allahın qoyduğu qadınlıq təyinatına malik olmaq deməkdir və qadının xoşbəxtliyi məhz bu qədər — təyinat üzrə yaşamasından asılıdır. Qadın, Allahın ona bəxş etdiyi Qadın fitrətinə sadiq qalmalıdır.

Allah qadını kişiyə köməkçi, yardımçı kimi yaratmışdır. Bəlkə də başqa cür olmaq — sərbəst yaşamaq daha asandır.

Əlbəttə, müasir, sərbəst, feministcəsinə yaşamaq, «Köməkçisi ola biləcəyim biri varmı?» deyə düşünməkdən asandır. Bu cür düşünmək çətindir, köməkçi vəzifəsini yerinə yetirməksə daha çətindir.

Amma Allaha itaətkar olub, Onun verdiyi təyinatla — fitrəti üzrə yaşamayan qadın Onun bəxş etdiyi sədəti, ləzzəti də duya bilməz.

«Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur.» Əraf surəsi, 189-cu ayə

«Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.» Rum surəsi, 21-ci ayə

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar.» Nisa surəsi, 34-cü ayə

Xoşbəxtlik axtaran, öz səadətini tapmağa çalışan qadınlara tövsiyələr var. Təkcə fani, ötəri, aldadıcı dünyəvi xoşbəxtliyi yox, həm də əbədi, ilahi səadəti axtaran qadınlara verilən tövsiyələr.

islam.az saytında təsadüf etdiyim və çox bəyəndiyim «Xoşbəxt olmaq istəyən qadınlara tövsiyələr» başlıqlı yazını bloqda yerləşdirmək qərarına gəldim.

***

Öz ərinə itaət etməyi əskiklik kimi yox, Allahın əmrinə və Peyğəmbərin vəsiyyətinə əməl etmək kimi qəbul et.

Ev işlərini görməkdən, uşaqlarını bəsləməkdən, ərinə qulluq etməkdən zövq almağa çalış. Bunlar sənin əməl dəftərinə ibadət kimi yazılır.

Evin səliqə-səhmanına həmişə diqqət yetir. Əgər belə etməsən, ərini evdən uzaqlaşdırmış və öz əlinlə başqa evlərə göndərmiş olarsan.

Ərinin gözündə yaraşıqlı görünməyə çalış. Bəzək-düzəyə aludəlik kişi üçün nə qədər ayıb sayılırsa, qadın üçün bir o qədər üstünlük hesab edilir.

Hər gün ərindən ötrü təzə gəlin kimi bəzən. Elə et ki, birgə keçirdiyiniz hər gün ərin üçün ilk toy gününüz kimi həyəcanlı, məhəbbətli, xoş olsun.

Əgər ailəni dolandırmaq üçün ərinin var gücü ilə çalışdığını görürsənsə, onun evə gətirdiyi qazanca qane ol, bacarmadığı işləri ondan tələb etmə. Həddən artıq tələbkarlıq ya ərin üçün qəlb qırıqlığı ilə, ya da haram yola qurşanmaqla nəticələnə bilər ki, bunların hər ikisinin sonu fəlakətdir.

Əgər sənin də işləməyinə və pul qazanmağına ehtiyac varsa, bunu ailə daxilindəki vəzifələrinə xələl gətirmədən et. Əmək fəaliyyətində ərinin haqqını qoru, onu narazı salacaq, başqalarının yanında gözükölgəli edəcək hərəkətlərə yol vermə.

Əgər evə pul gətirirsənsə, bunu heç zaman ərinin başına qaxanc etmə, onun kişilik heysiyyatına hörmət qoy. Bil ki, əgər evə milyonlarla qazanc gətirsən belə, əgər bunu ərinin üzünə vursan, bağışlanmaz günah etmiş olarsan. O zaman qazandığın pulu son qəpiyinə kimi sədəqə versən də, ərindən halallıq almayınca Allah səni bağışlamaz.

Ərin işdən evə gələndə onun yorğun üzünə baxıb əhval-ruhiyyəsini anlamağa çalış. Xoş sima ilə, nəvazişlə yorğunluğunu ona unutdur. Əgər işi barədə sənə danışırsa, bunu sənə qarşı etimad və sirdaşlıq kimi qəbul et. Hətta söhbət sənin üçün maraqlı olmasa belə, dinlə. Əgər yoldaşın öz işi barədə danışmaq istəmirsə, inadkarlıq göstərmə, təkid etmə.

Ərini hər səhər işə yola salmaq üçün oyanmağa çalış. Bu hərəkətlə ona qarşı diqqətini ən bariz şəkildə göstərmiş olarsan. Onu qapıya kimi ötür, xoş sözlə, dua ilə yola sal.

Evin əmlakına məsuliyyətlə yanaş. Bunları almaq üçün nə qədər zəhmətlər çəkildiyini unutma.

Əgər həyat yoldaşın evə bağlanmırsa, dostları ilə yeyib-içməyi evdə şam etməkdən üstün tutursa, əvvəlcə bunun səbəbini aydınlaşdır, sonra həmin səbəbi aradan qaldırmağa giriş. Günahı ərinin boynuna yıxmağa tələsmə. Yaxşı düşün: bəlkə bu vəziyyətin yaranmasında sənin də təqsirin var?

Uşaqları ataya hörmət hissi ilə böyüt. Bunun ən yaxşı yolu budur ki, özün ərinlə ehtiramla davranasan, uşaqlar da sənə baxıb ataya ehtiram göstərəcəklər.

Ərinin qohumlarına sayğı göstər; xüsusilə, qayınana və qayınatana hörmət et. Elə etmə ki, ərin öz ata-anasının yanında sənə görə xəcalət çəksin.

Evdə inciklik olanda bunu aradan qaldırmaq üçün sən də təşəbbüs göstər. Səhv səndə olubsa, üzr istəməyi əskiklik bilmə. Səhv ərində olubsa, o səndən üzr istəyəndə inadkarlıq etmə, tez barış. Barışıq üçün ərin iki addım atırsa, heç olmazsa sən də bir addım at.

Evin sirrini kənara çıxarma. Elə məsələlər var ki, onları hamıdan, hətta öz ata-anandan da gizli tutmağın məsləhətdir. Öz ərindən kiməsə şikayət etmək istəyəndə yüz ölçüb bir biç. Yalnız son dərəcə zərurət yaranarsa, şikayət etdiyin adamın həqiqətən vəziyyəti düzəldə biləcəyinə inanırsansa, bunu et.

Ərin üçün yalnız bir həyat yoldaşı yox, həm də dost, sirdaş, sevgili ol. Bir qadın kimi ondan heç nəyi əsirgəmə. Unutma: bəzi kişilər öz həyat yoldaşlarında tapmadıqlarını axtarmaq üçün başqa qadınlara üz tutmağa məcbur olurlar.

Namazına, orucuna, ibadətinə diqqətlə yanaş. Dualarında ərini və balalarını yad et. Əgər ərin ibadət əhli deyilsə, gözəl yollarla, məqbul üsullarla onu da haqqa gətirməyə çalış. Nümunəvi müsəlman simasını öz şəxsində ona göstər. Ruhdan düşmə, ümidini itirmə.

Özünü döyüş səngərində düşmənlə mübarizə aparan, əlində silah Vətəni qoruyan əsgər kimi şərəfli və məsuliyyətli bil. Sənin Vətənin – evindir; səngərin – ailəndir; silahın – iman, əxlaq və gözəllikdir; düşmənin – səni öz qadınlıq vəzifələrinin icrasından və ərinə itaətdən uzaq salmaq istəyən şeytandır.

Y. G. Qurandan ayələr:

 

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *