Ərəb əlifbası — diakritik işarələr

Qeyd etdiyimiz kimi, ərəb əlifbasında sait hərflər yoxdur, sözlərin düzgün oxunuşu üçün bəzi işarələrdən istifadə edilir. Samitləri səsləndirmək vəzifəsi daşıyan (bir növ, saitləri əvəz edən) bu işarələrlə yanaşı, bir sıra başqa diakritik işarələr də mövcuddur.

Diakritik işarələr mətni düzün oxuya bilmək və tələffüz qaydalarına düzgün riayət etmək üçündür. Ərəblər özü, həmçinin, ərəb dilini mükəmməl bilənlər bu işarələr olmadan belə, mütaliə edə bilirlər və ərəb nəşrlərində onlardan istifadə edilmir.

Müqəddəs kitabımız olan Qurani-Kərimdə işarələrin qoyulmasına, bir qayda olaraq, ciddi əməl edilir.

İndi həmin işarələrlə tanış olaq.

1-ci dərs

Hərəkələr

Hərəkələr hərfləri səsləndirmək üçündür və bir növ, saitləri əvəz edir. Onları yazıya əlavə etdikdə samitlər sanki canlanır, hərəkətə gəlir. Hərəkəli hərf mütəhərrik (yəni hərəkəli) adlanır.

  • Fəthə  Hərflərin üzərində çəkilən kiçik maili xəttdir. Fəthəli hərf məftuh  (yəni fəthəli) adlanır. Hansı hərfin üzərinə qoyulsa, həmin hərfə ə (qalın hərflərdə və «ra» hərfində a, hətta o çalarlı) əlavə edib oxunur.

Əlifba hərflərinin fəthə ilə yazılışı ilə tanış olaq.

  • Kəsrə Hərflərin altında çəkilən kiçik maili xəttdir. Kəsrəli hərfə “məksur” (yəni kəsrəli) deyilir. Hansı hərfin altında qoyulsa, həmin hərfə i (qalın hərflərdə ı səsinə yaxın) əlavə edib oxunur.

Əlifba hərflərinin kəsrəli yazılışı ilə tanış olaq.

  • Zəmmə Hərflərin üzərində yazılan vav hərfinə bənzəyən kiçik işarədir. Zəmməli hərfə məzmum  (yəni zəmməli) deyilir. Hansı hərfin üzərində olsa, həmin hərfə u («ləm» hərfində ü kimi səslənir) əlavə edib oxunur.

Əlifba hərflərinin zəmməli yazılışı ilə tanış olaq.

İndi də əlifba hərflərinin fəthə, kəsrə və zəmmə ilə tələffüzünü öyrənək.

video

2-ci dərs

Sükun

Hərflərin üzərinə qoyulan o-şəkilli kiçik işarədir. Sükun – dayanmaq deməkdir. Sükunlu hərfə “sakin” (yəni dayanmış) deyilir. Hərəkənin tam əksidir: hansı hərfin üzərində olsa, həmin hərfdən sonra sait gəlmədiyini bildirir: sükunlu hərfdən sonra növbəti samit hərf tələffüz edili, yəni iki samit (sükunlu və ondan sonra gələn) ardıcıl oxunur. Sözün sonuncu hərfi də, adətən, sakin (sükunlu) olur.

Əlifba hərflərinin sükun ilə yazılışı və oxunuş qaydası ilə hər bir hərfin əvvəlinə bir “ə” əlavə etməklə tanış olaq.

* Sükun əlif hərfi üzərində olsa,  (əlif özü hərəkəsiz heç bir səsi bildirmədiyindən) o, oxunmur.

** Sükun ayn hərfi üzərində olduqda da hərf oxunmur, amma  bu zaman azacıq fasilə verilir — apostrof (`) işarəsində olduğu kimi. (Şəkildə də ayn hərfinin oxunuşu apostrofla verilib: ə`.)

3-cü dərs

Tənvinlər

Tanış olduğumuz hərəkələr (fəthə, kəsrə, zəmmə) sadə hərəkələrdir. Onlardan başqa, qoşa hərəkələr də vardər: qoşa fəthəqoşa kəsrə və qoşa zəmmə. Bunlara tənvin deyilir və müvafiq olaraq, tənvin-fəthətənvin-kəsrə və tənvin-zəmmə adlanır.

Tənvin – “nunlaşdırma” deməkdir. Belə ki, qoşa hərəkələrdə sadə hərəkənin ifadə etdiyi əiu saitlərinin sonuna bir nun hərfi əlavə edilir.

  • Tənvin-fəthə Hərflərin üzərində yazılır. Hansı hərfin üzərində olsa, həmin hərf, sonuna “ən” (qalın hərflərdə və «ra» hərfində an) əlavə edilməklə oxunur.

  • Tənvin-kəsrə Hərflərin altında yazılır. Hansı hərfin altında olsa, həmin hərf, sonuna “in” əlavə edilməklə oxunur.

  • Tənvin-zəmmə Hərflərin üzərində yazılır. Hansı hərfin üzərində olsa, həmin hərf, sonuna “un” əlavə edilməklə oxunur.

Əlyazmada isə bu cür yazılır:

Qeyd: Tənvinlər yalnız sözün sonunda işlənir və qramatik məna daşıyır. Bu haqda qramatika dərslərində söhbət açacağıq.

Tənvinli hərflərin necə səslənməsinə baxaq.

video

4-cü dərs

Təşdid

Təşdid və ya şəddə hərflərin üzərində qoyulan, sin hərfinə (sözün ortasında yazılan şəklinə) bənzəyən işarədir — hərflərin şiddətli tələffüz edilməsini bildlrir. Təşdid (şəddə) – şiddətləndirmə deməkdir. Təşdidli hərf «müşəddəd» adlanır.

Bu, Azərbaycan dilindəki qoşa samitlərə uyğun bir haldır, onları müxtəsər işarə etmək üçün işlədilir. Belə ki, qoşa samitlərdən yalnız biri yazılır, üzərinə təşdid işarəsi qoymaqla qoşa oxunur.

Ərəb dili sərfinin qaydalarına görə izah etsək, eyni samit ardıcıl gələrsə (bu zaman onlardan birincisi sakin (sükunlu), ikincisi mütəhərrik (hərəkəli) olmuş olur), onlardan biri o birinə idğam edilir – biri o birinin içinə keçir və bir şiddətli hərf əmələ gəlir. Bu hərfin üzərinə təşdid işərəsi qoymaqla, o şiddətli tələffüz edilir.

Sükunlü və fəthəli hərfinin misalında şəddənin necə meydana çıxmasına baxaq:

Qeyd: Fəthə (həmçinin, tənvin-fəthə) və kəsrə (həmçinin, tənvin-kəsrə) işarələri təşdidin üstündə, zəmmə (həmçinin, tənvin-zəmmə) isə ya adi qaydada — hərfin altında, yaxud,təşdid işarəsinin altında yazılır.

5-ci dərs

Mədd

Mədd işarəsi əlif üzərində qoyulan dalğaşəkilli xəttdir (mədd — uzatmaq deməkdir). Fəthəli əlifin daha çox uzanmaış şəklidir: uzun a səsini ifadə edir.

Mədd işarəsi, bir növ, ardıcıl gələn iki fəthəli əlifi əvəz edir. Ərəb dilinin sərfinə görə iki əlif dalbadal yazıla bilməz. Odur ki, belə bir hal meydana çıxanda onu mədd işarəsi ilə əvəz edirlər.

6-cı dərs

Vəslə

Vəslə sözün əvvəlində gələn əlif hərfinin üzərində qoyulan, sad hərfinə (sözün ortasında yazılan şəklinə) bənzəyən kiçik işarədir. Əlifdən əvvəlki hərf, yəni əvvəlki sözün son hərfi  hərəkəli olarsa, əlifin oxunmadığını bildirir.

*Bəzən sözlər qramatik qaydalara uyğun olaraq dəyişdikdə, hansısa hərf sözdən «düşür». Ərəb dili sərfinə görə belə hallarda hərflər oxunmasa da, yazılır. Belə hallardan biri də əvvəlki sözün son hərfi hərəkəli olduqda növbətı sözün əvvəlində gələn əlifin oxunmamasıdır ki, bu, vəslə ilə işarə olunur.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий для Sura Seyidova Отменить ответ

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *